“Haqsızlıq olan zaman susmaq mənim üçün ən çətin şeydir”

Rəhimov Rafiq Yunis oğlu 1948-ci ildə doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, 1970-ci ildə Ağdaş rayonunda çıxan “Əmək” qəzetində müxbir kimi fəaliyyətə başlayıb. 2003-cü ilə kimi həmin qəzetin redaktor müavini və redaktoru vəzifələrində çalışıb. Ağdaş Rayon İcra Hakimiyyətinin kabinetinin üzvü kimi ictimai işlərdə iştirak edib. Keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü olub, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

– Sizə görə, həyatda ən asan və ən çətin şey nədir?

– Mənə görə, həyatda asan şey öz doğmalarına, tanışlarına yaxşılıq etməkdir. Orta məktəbdə yaxşı oxuyurdum, məktəbi də medalla bitirmişəm. Müəllim tənbəl uşaqları növbə ilə mənim yanımda otuzdurardı ki, onlara kömək edim. Bəlkə də bu xüsusiyyət o illərdən mənə aşılanıb. Ən çətin şey dilimə nəzarət etməkdir. Riyakarlıq, haqsızlıq olan zaman susmaq mənim üçün ən çətin şeydir.

– Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?

– Ucqar bir kənd deyəndə, mənim nəzərimdə, adətən, dağ kəndi canlanır. Mənim uşaqlıq illərim 7 yaşıma kimi atamın işi ilə əlaqədar Ağcabədi rayonunda keçib. Aran Qarabağın camaatı yay aylarında istirahətlərini Şuşada, əsasən də Turşsu yaylağında keçirirdilər. Mən də bu dünyaya Turşsu yaylağında göz açmışam, yamacı çiyələkli, moruqlu, başı dumanlı dağları görmüşəm. Buna görə ucqar kəndlərimizə məndə maraq var. Qəzetçilik işimə yaramasa da, Azərbaycan dili və ədəbiyyatından, tarixdən dərs deyə bilərdim. Əgər ixtisas sahibi olmasaydım, yəqin ki, maldarlıqla məşğul olardım.

– Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?

– Məşhurlardan birinin belə sözü var – “müdrik olmaq kifayət deyil, ondan istifadə etməyi bacarmaq gərəkdir”. Mən özümə müdrik deyə bilmərəm, lakin savadımdan, təhsilimdən daha bacarıqla istifadə edə bilərdim. Gənclik illərində mənə 2 dəfə komsomol və partiya orqanlarında məsul iş təklif etdilər, razılıq vermədim, bəlkə də, cəsarətim çatmadı. Sonralar başa düşdüm ki, həmin işlərdə xalqıma daha çox xeyir verə bilərdim. R. Taqorun bir sözü yadıma düşdü: “Fənəri arxasında gəzdirən öz yoluna kölgə salar”. Yeri gəlmişkən, gənclərə tövsiyəm budur ki, fənəri həmişə öndə saxlayın. Sevinirəm ki, bir jurnalist kimi kiminsə haqqında yalan, iftira yazmamışam, kimisə tənqid edəndə real faktlara əsaslanmışam, haqlını haqsızın ayağına verməmişəm.

– Valideyn və müəllimlərdən başqa, özünüzü kimlərə borclu bilirsiniz?

– Allahıma borcluyam, məni bu işıqlı dünyaya Azərbaycanda gətirdiyinə görə.

– Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?

– Nə qədər ritorik səslənsə də, mən səmimi deyirəm ki, çörəyini yeyib, suyunu içdiyim Vətən torpağı üçün hər şeydən keçməyə hazıram.

– Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki işinizdən razısınızmı?

– Mənə elə gəlir ki, həkim kimi xalqıma daha çox xeyir verə bilərdim. Orta məktəbi qurtardıqdan sonra Tibb İnstitutuna qəbul olunmaq üçün imtahan verdim, yaxşı qiymətlər aldım, lakin müsabiqədən keçmədim. İndiki iş deyəndə mən həyatımı jurnalistikaya həsr etmişəm, bu, rahat, asfalt yol deyil, enişi-yoxuşu, daş-çınqılı var, amma narazı olmamışam…

– Üzr istəmək sizə ağır gəlmir ki?

– Üzrü o vaxt istəyirlər ki, günah iş tutasan. Bu mənada üzr istəmək, mənə ağır gəlmir. Əksinə, səhvini başa düşürsən, üzr istəyib, yüngülləşirsən.

– Sabir deyir: “Ağladıqca kişi qeyrətsiz olur”, siz necə düşünürsünüz?

– Dahi Sabirin bu anlamda dediyi ağladıqca sözü alçalmaq, mütiləşmək mənasında yerinə düşür, lakin sözün konkret mənasında kişi də insandır, onun da ürəyi var, şəxsən mən gənclik illərimdə atamı, anamı itirəndə hönkür-hönkür ağlamışam və yaxud Xocalı faciəsini əks etdirən videolentə ağlamadan necə baxmaq olar?.

– “Kaş ki… ölkədə doğulaydım, … xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?

– Yaxşı ki, Azərbaycanda doğulmuşam, yaxşı ki, azəri türkiyəm, atamın işi ilə bağlı olaraq Şuşada doğulmuşam, Ağcabədidə böyümüşəm, Sabirabadda 1-ci sinfə gedib, Ağdaşda orta məktəbi bitirib, Bakıda ali təhsil almışam. Vətənimin hər guşəsi mənim üçün əzizdir, doğmadır.

– Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?

– Evimizdə inciklik olur, xoş münasibət istədiyimdən ailə başçısı kimi onu birinci mən aradan qaldırmağa çalışıram.

– Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?

– Kiçik səhvləri nəzərə almasaq, özümü heç kimin qarşısında günahkar bilmirəm. Əzizlərimin günahını bağışlamışam.

– Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini etmək?

– Azadlıq öz istədiklərini idarə etməyi bacarmaqdır.

– Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?

– İnsan sevirsə, deməli, yaşayır. Ümidlə qorxu qoşa qanad kimidir. Həmişə ümidlə yaşayırsan və kimisə, nəyisə itirməkdən qorxursan. Həyat yollarında xoşbəxtlik də var, qəm-qüssə də, çətinliklər də. Sevgisizsə nə xoşbəxtliyə nail olmaq olar, nə də çətinliyə qalib gəlmək olar.

– Ən çox nə zaman utanırsınız?

– Bilmədiyimi bilən zaman utanıram.

– Ölüm nədir?

– Filosoflardan biri yazır ki, insan şah, yaxud hakim kimi yaşaya bilər, lakin o, insan kimi ölməlidir. Mənə görə, insan cismən ölür, ruhu yaşayır, əməlləri qalır, kimi rəhmət qazanır, kimisə lənətlənir.

– Çoxlu pulunuz olsa, hara xərclərdiniz?

– Oxuduqlarımdan və gördüklərimdən bilirəm ki, pulu yığıb saxlasan, kiməsə qismət olacaq. Onu xərcləmək lazımdır. Çoxlu pulum olsa, ailəmin rahat yaşayışını təmin etdikdən sonra ehtiyacı olan dosta, qohuma kömək edərdim, bir də dünya səyahətinə çıxardım.

– “Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq” düşüncəsi nəyi ifadə edir?

– Bu düşüncə ilə yaşayan adam həqiqətin yolunu tapa bilməz. Belələri öz yanlış işlərinə haqq qazandırmaq istəyən laqeyd adamlardır. Hər kəs o işi üçün məsuliyyət daşıyır. Dahi Nizami yazır:

Çalış bu dünyada səhv eləmə sən,

Çox bizim kimilər yanmış səhvlərdən.

– Həyatda ən böyük təsəlliniz?

– Xeyirxah əməllərim və 2 tərbiyəli övlad böyütməyim.

– Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

– İlk sevgi haqqında və ya sırf ailədaxili məsələlərlə bağlı sualları xoşlamıram.

– Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?

– Yubiley və ad günlərini, demək olar ki, keçirmirəm.

– Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

– Sədi Şirazınin bir beyti var:

Dinlə bir nəsihət söyləyirəm mən,

Kim tikan əkibsə, dərməz yasəmən.

Nəsihət edərdim ki, həyatda elə yaşayaq ki, yaxşı əməllərimiz qalsın.

– Sizə görə, insanda ən yaxşı və ən pis xarakter hansılardır?

– İnsanın yaxşı xarakterinin sayı çoxdur. Bunlardan birincisi sadəlik və xeyirxalıqdır. Sadəlik insan ləyaqətinin göstəricisidir. İnsanda ən pis xarakter yalan və yaltaqlıqdır. Yalan olan yerdə həqiqət ortaya çıxmır. Bütün fəlakətlər də burada başlayır.

– Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?

– Gənclikdə də elə indi də istedadlı xanəndələrimizə, müğənnilərimizə heyranlıqla qulaq asıram. Aşiqlik mənim xarakterimə uyğun gəlmir.

– Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?

– Biz birmənalı olaraq valideynlərini atan övladları qınayırıq. Lakin övladlar da müxtəlifdir. Bəzisinin sağlamlığı yerində deyil, xaraktercə zəifdir və ya ağıldan kəmliyi var. Eləsi də var, uğursuz adamdır, iş tapmır, çörəkpulunu belə qazana bilmir. Bəzi ailələrdə qadın hökmrandır, kişi nəinki ata-anasını, heç özünü də müdafiə edə bilmir. Buna görə də mən həmişə demişəm ki, vaxtında ölmək özüdə xoşbəxtlikdir. Mənim övladlarıma gəldikdə isə, onlar məni atmazlar. Əgər atsalar mən susaram, çünki söz burada acizdır.

– Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?

– Ən çox sevdiyim nənə sözüdür. Mən uşaqlıq illərimdə Qarabağda yaşadığımdan yerli əhalinin dili ilə anama nənə demişəm. Buna görə də ən çox işlətdiyim və sevdiyim sözdür. İnsan ləyaqətini alçaldan sözləri sevmirəm və əsasən işlətməməyə çalışıram.

– Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?

– Övladlarıma və yaxınlarıma deyərdim ki, həyat nə əzabdır, nə də əyləncə. Həyat işdir, özü də namuslu və vicdanlı iş. Elə yaşayın ki, həyatda yaxşı iz qoya biləsiniz.

– Ən çox nədən qorxursunuz?

– Qəribədir, insan qocaldıqca ölüm doğmalaşır. Mən belə düşünürəm və ölümdən qorxmuram. Unudulmaqdan qorxuram.

– Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

– Xoşbəxtlik haqqında çox deyilib və yazılıb. Mən insan tanıyıram ki, gözəl, ağıllı və düzgün adam olub. Lakin həyat onun qarşısına elə sürprizlər çıxarıb ki, xoşbəxt ola bilməyib. Konkret cavab vermək çətindir.

– Sizin kimlərə və nə kimi xeyriniz var?

– Təvazökarlıqdan uzaq olsa da, işlədiyim 46 il ərzində həmişə haqlı tərəfi müdafiə etmişəm, sifarişlə məqalə yazmamışam, el dili ilə desək, ev yıxmamışam, tikməyə çalışmışam. Ümumiyyətlə, bu sualı məni tanıyanlara versəydiniz, daha yaxşı olardı.

– Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?

– Mən ona deyərdim: ey dünya, sən nə qədər təkəbbürlü, eyni zamanda şirinsən.

– Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?

– Mənə bir necə dəfə təklif edilmiş vəzifədən və rüşvətdən imtina etmişəm.

– Gənclik hansı yaşda bitir?

– Bioloji cəhətdən yanaşsaq, insan ömrü uşaqlıq, yeniyetməlik, gənclik, cavanlıq, qocalıq, ahıllıq illərindən ibarətdir. Xaqani yazır ki:

Gənclik bir qızıldır ömrün əlindən,

Düşərək torpağa yox oldu birdən.

Tapmaq həvəsilə həmin qızılı,

Torpağı yuyuram göz yaşımla mən.

Gənclik arzu, inam yaratmaq həvəsi deməkdir. Gərək onu elə yaşayasan ki, sonradan peşman olmayasan.

– Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?

– Mənə elə gəlir ki, eyni hissiyyatı yaşayanlar, eyni düşüncəyə malik insanlar dost olurlar. Belələri vəzifə, pul dostları yox, həqiqi dostlardır. Dostlarım çox deyil, dünyasını dəyişənlər də var. Bizim nəsildə yarpaq tökümü də başlayıb.

Pərviz Əliyev, Ağdaş

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment