“Əsirlikdən sonra ikinci həyatımı yaşayıram”

Minlərlə günahsız azərbaycanlının əsir və girov götürülməsi, işgəncələrə məruz qalması, qətlə yetirilməsi və qeyri-insani rəftarla üzləşməsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli və qanlı səhifələrindəndir. Qarabağ münaqişəsinin başladığı dövrdən ermənilər tərəfindən əsir və girov götürülmüş minlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə dəhşətli zorakılığa məruz qalmışdır. Bu işgəncələrə məruz qalanlardan biri də Mingəçevir sakini, ikinci qrup Qarabağ əlili Həmidov İlham Oktay oğludur. İlham Həmidov 3 il 6 ay erməni əsirliyində qalıb. O, 1992-ci ildə Saxalində hərbi xidmətini başa vurduqdan sonra elə orada qalıb balıqçı gəmisındə işləyirdi. Televizor vasitəsilə ermənilərin Qarabağa hücum etməsini görən kimi vətənə dönür. Öz ərizəsi ilə Prezident qvardiyasına qəbul olur, daha sonra isə xüsusi təyinatlılar üzrə kəşfiyyat dəstəsinə qoşulur. Qarabağın döyüş bölgələrində kəşfiyyat-təxribat qruplarında olub. Müsahibimiz, “dəvə” ləqəbli İlham Həmidov – əsirlik həyatına əsla qayıtmaq, heç o günləri xatırlamaq belə istəmirdi…

Dözülməz, əzab-əziyyətli günlərini unutmağa çalışan İlham Həmidov gəncliyinin ən gözəl illərini, günlərini müharibənin gətirdiyi iztirablara, məhrumiyyətlərə qurban verib. O, bundan heç də peşman deyil. Təəssüflər olsun ki, nə qədər cəhd etsə də, o illər, günlər, xatirələr onu heç vaxt tərk etməyəcək. İtirdiyi sağlamlığını uzun illərdir bərpa edə bilmir. Ömrünün çox hissəsini xəstəxanalarda keçirir. “Dəvə” ləqəbli müsahibimiz keçdiyi döyüş yolunu belə xatırladı: “Əvvəlcə, məni Ağdama, sonra Xındırıstana göndərdilər. Sonra Gülablı, Naxçıvanik, Canyataq, Gülyataq, Güneypaya, Çıldıran, Sırxavənd, Qalayçı, Qazançı döyüşlərində kəşfiyyatda olmuşam. Bir çox əməliyyatlarda, meyitlərin döyüş bölgələrindən çıxarılmasında iştirak etmişəm. Müharibənin ən qızğın vaxtları idi. Soyuq, şaxtalı, qarlı hava qılınc kimi adamı kəsirdi. 1992-ci ilin noyabr ayının 7-də ad günüm idi. Yoldaşlarım dedilər ki, get ad gününü evinizdə qeyd et. Lakin güclü qar yağdığına görə posta düşə bilmədik. Elə öz aramızda ad günümü qeyd etdik. Sonra ermənilər tərəfindən postumuza hücum oldu. Bizə bildirdilər ki, ermənilər tərəfə keçib, onların nə qədər gücü olduğunu öyrənməliyik ki, ora batalyon yeridək. Həmin kəşfiyyat zamanı mərmi partlayışı oldu, onda mən kontuziya aldım. Gözümü açanda heç nəyi xatırlamadım və harada olduğumu da bilmirdim. Bir neçə müddət keçdikdən sonra hiss etdim ki, başıma zərbələr dəyir; onda bildim ki, ermənilərin əlindəyəm. Elə o gündən əzablı günlərim başladı. Ta bu günə qədər onun ağrı-acısı canımdan çıxmır. O anları heç yadıma salmaq istəmirəm. Allah onların bəlasını versin. İlk gündən ermənilər tərəfindən qeyri-insani münasibətlə qarşılaşdım. Ayağımı, qolumu sındırdılar, bədənimin o yeri qalmayıb ki, dağlamasınlar. Başımda şampan butulkasına kimi sındırıblar. Avtomatın qundağı ilə başıma o qədər vurublar ki, bu gün də onun ağrısını çəkirəm. Bizi ələ salırdılar. Ailəmiz tərəfindən gələn məktubu başımızın üstündə durub oxutdururdular. Sonda da cavab yazdırırdılar ki, guya hər şey burada qaydasındadır. Əlimiz hər şeydən üzülmüşdü. Bilirdik ki, axırımız yoxdur. Dəfələrlə deyirdim ki, vətənim üçün ölməyə hazıram, güllələyin, birdəfəlik canımız qurtarsın”.

Müsahibimiz danışdıqca bulud kimi dolurdu, bağırıb ağlamaqdan özünü güclə saxlayırdı. Ona görə də sözünü çox uzatmayaraq, əsirlikdən xilas olduğu günü xatırlamağa çalışdı: “Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin. 1996-cı ildə onun sayəsində erməni əsirləri ilə bizi dəyişmək razılığı əldə olundu. 1996-cı ilin mayın 10-da erməni əsirləri ilə 67 nəfər azərbaycanlı əsir dəyişdirildi. O gündən sonra mən sanki ikinci həyatımı yaşayıram. Ona görə də mən o gündən ad günümü noyabr ayının 7-də yox, may ayının 10-da qeyd edirəm”.

Müsahibimiz dedi ki, əsirlik həyatından sonra qardaşları onu Rusiyanın bir çox şəhərlərində müalicə etdiriblər: “2010-cu ildən isə Mingəçevir Şəhər Xəstəxanasında müalicə alıram. Sanki bura mənim ikinci evimdir. Çünki ömrümün yarı hissəsi burada keçir. Çox razıyam buradakı vəziyyətdən. Həkimlər, tibb bacıları daim qulluğumda gecə-gündüz dayanırlar. Hər cür dərman vasitələri ilə təchiz olunuram”.

Xəstəxananın Nevrologiya şöbəsinin həkimi nevropatoloq Eldar İsayevin dediyinə görə, bu kimi xəstələr çox narahat xəstələrdir, onlarda tez-tez “kriz”lər olur, təzyiqləri qalxır: “İlhamın müalicəsi davam edir. Hazırda vəziyyəti gəldiyi vaxtdan əhəmiyyətli dərəcədə kafidir. Onu da qeyd edim ki, bu tip xəstələrimiz çoxdur. Ətraf rayonlardan da xəstələrimiz var. Amma belə xəstələrə xüsusi diqqət və qayğı lazımdır”.

Sonda onu da qeyd edək ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsinə, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalmasına, insanların qətlə yetirilməsinə dair faktlar saysız-hesabsızdır. Bu faktlar da göstərir ki, əsir və girov götürülmüş azərbaycanlılar kütləvi soyqırımı qurbanları olmuş, insan haqlarından məhrum edilmişlər.

Esmira Hidayətova

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment