“Uşaq bağçasında birinci valideynlər maariflənməlidirlər”

Esmira Hidayətova, Mingəçevir

Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verməyə çalışıb. Son illər uşaqların təlim və tərbiyəsi, təhsili üçün müasir standartlara cavab verən yeni-yeni təhsil ocaqları, uşaq bağçaları tikilir və ya yenidən əsaslı təmir edilir. Əlbəttə, uşaqların təlim-tərbiyəsi ilə savadlı, işini bilən, peşəkarlar məşğul olmalıdırlar. Bu cür uşaq müəssisələrindən biri də sovetlər dönəmində “Komsomol gənclər bağçası” kimi tanınan 10 saylı “Qərənfil” Körpələr Evi-Uşaq Bağçasıdır.

Bağçanın girişindən içəri ayaq basanda bir anlıq yenidən uşaq olmaq istəyirsən. Bağçanın həyətində yaradılmış səliqə-sahman, cürbəcür gül-çiçəklər görənləri heyran edir. Bu bağçanın məşhurlaşmasının, ad-sanının başqa yerlərə yayılmasının bir səbəbi də yəqin ki, budur.

Biz də bu gözəllikləri işıqlandırmaq üçün bu gözəlliyin qurulmasında əməyi olan, uşaqlarımıza ana əvəzi olan müəllimlərdən biri, ömrünün 30 ilini uşaqların təlim-tərbiyəsinə həsr etmiş Maral Qurbanova ilə həmsöhbət olduq.

– Maral müəllimə, “uşaqlar mənim həyatımdır, həyatımı onlarsız təsəvvür edə bilmirəm” deyirsiniz…

– Öncə onu qeyd edim ki, gənclik illərimdən işimin peşəkarı olmağı qarşıma məqsəd qoymuşam. Həmişə bu yöndə oxudum, öyrənməyə çalışdım. Bu günə qədər, bəlkə, yüzlərlə, minlərlə yetirmələrim olub. İşlədiyim illər ərzində hər dəqiqə uşaqları düşünmüşəm. Axşam evə gedirəm, səhər tezdən onların görüşünə tələsirəm. Onların hər anını belə diqqətdə saxlayıram. Bəlkə də bu səbəbdəndir ki, bu 30 ildə bir dəfə də olsun xəstəlik bülleteninə çıxmamışam. Baxmayaraq ki, adətən deyirlər ki, uşaqların səs-küyü adamı tez yorur, amma mən bu səs-küydən zövq alıram.

– Uşaqların tərbiyəli və müəyyən mənada savadlı olmalarında bağçaların rolunu necə dəyərləndirirsiniz?

– Hər kəsə yaxşı məlumdur ki, uşaqların düzgün istiqamətdə inkişafında, gündəlik rejimlərinin formalaşmasında, məktəbə hazırlıqlarında bağçalar az rol oynamırlar. Uşaqlar ilk əxlaqi davranışları, ilk dərsləri bağçadan öyrənirlər. Bizim bağçanın bir prinsipi var – uşağı kiçik qrupdan götürüb, ta hazırlığa qədər özümüz gətiririk. 4 il həmin uşaqlarla çalışırıq. Ona görə də hər bir uşağın psixologiyasını, xarakterini biz bilirik. Ən çətin proses uşağın ilk dəfə bağçaya gəlişidir. Gərək uşağın nazı ilə elə oynayasan ki, uşaq bağçaya öyrəşsin. Valideyn də həmin anda çox əziyyət çəkir. Biz uşaqlara öz balamız kimi can yandırmasaq, uşaqla işləyə bilmərik. İlk növbədə, uşaqları vətənpərvər ruhda tərbiyə edirik. Əvvəllər valideyn uşağın bağçada yeməyi ilə maraqlanırdı ki, nə yemisən. Mən onda valideynə deyirdim ki, niyə uşaqdan soruşmursunuz ki, bağçada nə öyrənmisən. Ona görə də bağçada elə birinci valideyn maariflənməlidir. Biz müəllimlər oxumuşuq ki, uşaqlara nə isə öyrədək. Bu gün bağçalardan məktəbə gedən uşaqlar bilikli və bacarıqlı olmalıdırlar. Çünki bugünkü təhsilimiz bunu tələb edir. Bizdə müəllimlərin arasında sağlam rəqabət var. Hamımız istəyirik ki, lider olaq, buraxdığımız uşaqlar gələcəyin savadlı vətəndaşları olsunlar. Bax, bu gün bizim uşaqların içərisində gələcəyin prezidenti, polisi, müəllimi, həkimi yetişir. Mən bu sözləri boş-boşuna demirəm, bu həqiqətdir. Uşaqlarımız hazırda hər hansı bir sual-cavabı istənilən formada cavablandırmağa qadirdirlər.

– Bağçalarda uşaqyönümlü təhsil tədris edilir. Uşaqların şəxsiyyət kimi formalaşmasında bağçalar nə qədər önəmli rol oynayırlar?

– Tərbiyəçi işi ən məsuliyyətli işdir. Əvvəlcə, biz pilot layihə olan “Addım-addım” proqramı ilə işləyirdik. O da yaxşı proqram idi. İndi isə yeni texnologiya – kurikulum proqramı ilə işləyirik. Bu proqrama görə, uşaqlar lazımsız informasiya ilə yüklənmir, gələcək həyat fəaliyyətində ona lazım olacaq ən zəruri ilkin bacarıq və qabiliyyətlərin yaradılması istiqamətində iş aparılır, bacarıq və vərdişlər aşılanır, qabiliyyətlərin formalaşması ön plana çəkilir. Onların bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Bununla bağlı kurslara cəlb olunduq və sertifikatlarla kursları yüksək səviyyədə başa vurduq. Bu gün də öz işimizdə keçdiklərimiz bütün üsulları tətbiq edirik. Onu da qeyd edim ki, SSRİ dönəmində işlədiyimiz dövrdə proqram bilik yönümlü, müəllim yönümlü idi. Bu gün isə uşaq yönümlü, şəxsiyyət və nəticə yönümlüdür. Öz işimizi günün tələbləri səviyyəsində qururuq. Uşaqlar bizimlə bərabər çalışırlar. Uşaqdan alırıq, sonra tətbiq edirik. Əvvəlcə, uşağın diqqətini hər hansı bir keçəcəyimiz mövzuya cəlb edirik və daha sonra uşağın bacarığını qiymətləndiririk. Yəni nəticədə bilirik ki, uşaq bu gün nəyə qadir oldu. Bayaqdan uşaq bağçaya ağlaya-ağlaya gəlirdi, indi evə getmək istəmir. Çünki bağçada hər cür şərait yaradılıb. Zamanın tələbinə uyğun vəsaitlər, materiallarla təmin olunub.

– Məktəb müəlliməsi ilə bağça tərbiyəçisinin fərqi nədir?

– Birinci növbədə, uşaq bağçası tərbiyəçisi uşağın fiziki və psixi sağlamlığını, hər bir uşağın yaşını və fərdi xüsusiyyətlərini nəzərə alaraq, emosional və hərtərəfli inkişafı, təlim və tərbiyəsinin səmərəliliyini optimal şəkildə həyata keçirmək üçün məsuliyyət daşıyır. Mən deyərdim ki, fərq var, çünki məktəbdə müəllimlər müəyyən lüğət ehtiyatına malik şagirdlərlə işləyirlər. Amma bağça üçün bu bir qədər çətindir. Biz uşaq dili ilə danışıb, əyani şəkildə uşaqla bir yerdə oynayıb, bunu göstəririk. Nağılları uşaqlara obrazlı şəkildə danışırıq, sanki bir tamaşa oynayırıq. Mən deyərdim ki, tərbiyəçinin dünyagörüşü olmalıdır ki, tərbiyə etdiyi uşağa nə isə verə bilsin. Hər bir uşağın xüsusi dili, yanaşma tərzi var. Yeri gəlmişkən, qrupumuzda inklüziv uşaqlar da var. Onlarla Maya müəllimə Alimova çalışır. Biz hər ikimiz də çalışırıq ki, sağlamlığı məhdud olan uşaqlar sağlam uşaqlardan geri qalmasınlar. Bunun üçün də uşağın dili ilə danışıb, bəzən də onlar kimi oluruq, çünki biz işimizi uşaqlarla aparırıq. Yəni demək istəyərdim ki, onlar hər ikisi də öz gərgin və qiymətli əməyi ilə cəmiyyət üçün yeni vətəndaşlar hazırlayırlar. Onu da qeyd edim ki, uşaqların mədəni inkişafına, əxlaqi cəhətlərinin kamilləşməyinə çalışmaq, dünyagörüşünü tədricən inkişaf etdirmək çox şərəfli işdir.

– Bəs günün 6 saatını uşaqlarla keçirirsiniz, aldığınız maaş sizi qane edirmi?

– Desəm ki, qane etmir, yəqin ki, həmkarlarım da mənimlə razılaşarlar. Tərbiyəçi deyəndə, çox aşağı səviyyədə əməkhaqqı alan, təhsil sisteminin aşağı pillədə olan bir nümayəndəsi nəzərdə tutulur. Günümüzün çox hissəsi uşaqlarla bir yerdə keçir. Onlar bizə əmanətdirlər. Bu iş həm məsuliyyətli, həm də zəhmət tələb edir. Biz də istəyirik ki, əməyimizə qiymət verilsin.

– Yetirmələriniz sizi ziyarət edirlərmi?

– Yetirmələrimin övladları indi mənə nənə deyirlər, onlar mənim nəvələrimdir. Çünki mən indi onların müəlliməsiyəm. 30 il bundan əvvəl bağçaya ağlaya-ağlaya gələn uşaqların indi övladları bağçaya gəlirlər. Onlar mənə öz övladlarım qədər doğmadırlar. Mən onlarla fəxr edirəm. Onu da deyim ki, nə qədər ömrüm var, bax bu uşaqlarla işləmək istəyirəm və bundan da böyük zövq alıram. Əlbəttə, bağçamızda bu cür şəraitin yaradılmasında bağçamızın müdirəsi Natavan Cəfərovanın da rolu danılmazdır. Biz müəllimələr bu gün onun dəstəyindən zövq alaraq, öz işimizi günün tələbləri səviyyəsində qururuq.

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment