Kredit götürənə zamin durdu, işə düşdü

Esmira Hidayətova

Qohumuna, tanışına bankdan kredit götürmək üçün zamin duranların üzləşdikləri problemlər barədə qəzetimizdə zaman-zaman məlumat veririk. Təəssüf ki, bu kimi problemlərin, insanların sayı kifayət qədərdir. Bu günlərdə “Zaman-Azərbaycan” qəzetinin Mingəçevir təmsilçiliyinə üz tutan Bulur Nəsirova da belələrindəndir. O, qəzetimizə müraciət etməklə üzləşdiyi problemin ictimailəşdirilməsini və həllinə köməklik göstərilməsini istədiyini bildirdi. Həyəcandan danışa bilmirdi. Nəhayət, bir az toxtayandan sonra başına gələn hadisəni bizə danışdı: “Ömrümün çoxu gedib, azı qalıb. Müraciət etmədiyim qurum, döymədiyim qapı qalmayıb. Düşdüyüm çarəsiz vəziyyətdən qurtula bilmirəm. Heç olmasa, evimizdəki 2 yaşlı körpə nəvəmə görə mənə əlinizdən gələn köməkliyi edin”.

Mingəçevir bağ massivində yaşayan 60 yaşlı Bulur Nəsirova bankdan kredit götürmək istəyən qonşusuna zamin duraraq, belə demək mümkünsə, özünü işə salıb. Belə ki, onsuz da çətin vəziyyətdə yaşayan Bulur Nəsirova Mingəçevir Yaşıllaşdırma İdarəsində çalışır. Küçələri süpürərək, ayda 108 manat məvacib alan 60 yaşlı qadın deyir ki, qonşusu bir gün ona deyib ki, çətinə düşüb, bankdan kredit götürmək istəyir: “Qonşum mənə dedi ki, ondan zamin tələb edirlər. Haradan bilərdim ki, başımıza bu oyun gələcək”.

Beləliklə, onun Zəhra adlı qonşusu ikiillik müddətinə bankdan 1500 manat kredit götürür. Bir il bu pulu ödəyir, amma ikinci ili pulu ödəmədiyinə görə bank zamin duran Bulur Nəsirovanın aylıq maaşının hamısını-108 manatı tutur. Bundan sonra Bulur ana məcburiyyət qarşısında qalıb digər işlərdə (ev, idarə, kiçik köşklərdə təmizlik) çalışır ki, ailəsini bu ağır vəziyyətdən çıxarsın: “Dəfələrlə bank rəhbərliyinə müraciət etdim ki, qonşumun ödəmədiyi kredit məvacibimdən tutulmasın, lakin bank heç bir müraciətə əhəmiyyət verməyib. Savadsız qadınam, yazmaq, oxumaq bilmədiyimə görə müqavilənin şərtlərini oxumadan qol çəkmişəm”.

Əslində dostların, tanışların, yaxud qohumların kredit üzrə zamin durmaq xahişi hamıya tanış vəziyyətdir. Çoxları kredit götürən insanın bütün risklərini nəzərə almadan zamin durmaq qərarını verir. Bəziləri də zamin durmaq müqaviləsini formal sənəd hesab edərək, onu oxumadan imza atırlar. Nəticədə isə Bulur xanım kimi çıxılmaz vəziyyətdə qalırlar.

Bulur xanımın problemi təkcə bununla bitmir: “İki oğlum var idi. Bir neçə il bundan öncə Yeni il axşamı 21 yaşlı oğlumu avtomobil vurub öldürdü. Haqsızlıqla qarşılaşdım, imkansız, sahibsiz qadın olduğuma görə səsimi batırdılar. Hazırda yaşadığım bağlar massivində qaz sayğacına 220 manat pul ödəmədiyimə görə mənim evimə qaz çəkmədilər. İlin-günün bu vaxtında evdə soyuqdan donuruq. Oğlumun iki yaşında qızı var. Onun buz kimi üşüyən sifətinə baxa bilmirəm. Nənə olsam da, nəvəmə nənəlik edə bilmirəm. Bir qarın çörək üçün səhər saat 5-də evdən çıxıram. Bir çıxış yolu tapa bilmirəm, bir yandan da aldığım maaş mənə qalmır”. Ekspertlərin fikrincə, kredit alan şəxs işini, iş qabiliyyətini və yaxud həyatını da itirə bilər. Bu səbəbdən zamin durmaqla bağlı müqaviləyə imza atmazdan əvvəl kredit haqqında tam məlumat almaq lazımdır. Yəni zamin kredit məbləğinin nə qədər olduğunu, kreditləşmə müddətini, faiz dərəcəsini və kreditin nə məqsədlə götürüldüyünü bilməlidir. Zaminin kredit borcunun ödənməsindən boyun qaçırmaq kimi alternativi var. Əgər zamin onunla bağlanan müqavilənin şərtlərinin pozulmasını və hüquqi bazanın yetərli olmamasını sübut edərsə, zaminlik müqaviləsinə xitam verilə bilər.

Ailəmizdən sonra ən yaxın əlaqə qurduğumuz insanlar, şübhəsiz ki, qonşularımızdır. İnsan olaraq cəmiyyət halında yaşadığımız üçün hər birimizin qonşumuz vardır. Onlar günün hər saatında müxtəlif səbəblərlə qarşılaşdığımız insanlardır. Buna görə də, haqlarına hörmət göstərməli olduğumuz insanların arasında qonşularımız ön cərgələrdə dururlar. Xüsusilə şəhər yerlərində, çoxmərtəbəli binalarda onlarla ailənin bir binanı, bir giriş-çıxışı bölüşdüyünü nəzərə alsaq, belə yerlərdə qonşuluq münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasının nə dərəcədə əhəmiyyətli olduğu ortaya çıxmış olar. Bulur xanım da bu münasibətləri nəzərə alaraq qonşuya əl tutdu, amma…

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment