Acınacaqlı şəraitdə yaşayan Qarabağ qazisi üçün mənzil tikilir

Amil Tağıyev Quba

Qarabağ qazisi İdris Hüseynovun ailəsinin sosial vəziyyətinə dair qəzetimizin 7 may 2016-cı il tarixli sayında geniş bir yazı dərc olunmuşdu. Məlumat üçün qeyd edək ki, Qubanın Qəcərzeyid kəndində acınacaqlı həyat tərzi keçirən bu ailənin 4 övladından 2-si (oğlan övladları) əqli cəhətdən qüsurludur, 12 yaşlı oğul övladı ibtidai sinifdə oxuyur, 18 yaşlı digər qız övladı isə məktəbə getməyib. Hüseynovlar ailəsinin bu vəziyyəti ilə bağlı məsələ ictimailəşəndən sonra onlara maddi-mənəvi dəstək verən insanlar oldular. “Feysbuk” sosial şəbəkəsində “Dayday production” səhifəsi ilə bir daha ictimailəşən bu məsələ artıq 450 min insan tərəfindən izlənib. Ölkədaxili və ölkə xaricindən gələn zənglər bu ailənin tək olmadığını göstərir, səxavətli insanların köməyi ilə onlara yardımlar əsirgənmir. Yazımızda qeyd etdiyimiz kimi, bu ailənin ən əsas problemlərindən biri də mənzil şəraiti ilə bağlıdır. Sevindirici haldır ki, xeyirsevər, səxavətli insanların dəstəyi ilə elə həmin ünvanda mənzil tikintisi üçün artıq bünövrə qoyulub. İdris Qonaqbəy oğlu Hüseynovun adına “Kapitalbank”ın Quba filialında hesab nömrəsi açılıb. Ailənin əqli qüsurlu övladları Nəriman və Tural da tikintiyə köməklik edirlər. Bu, onlar üçün həm də bir əyləncədir. Hüseynovlar ailəsi sevinc içərisindədir. Ailə başçısı qazi İdris Hüseynov əməyi keçən hər bir kəsə minnətdarlığını ifadə edir.

Recommend to friends
  • gplus
  • pinterest

About the Author

Leave a comment